ABŞ İranla qarşıdurmada növbəti addım atıb. Belə ki, mətbuatda 10 milyard dollar dəyərində yeni hərbi müqavilələrin hazırlandığı barədə məlumatlar yayılıb. Sənədlərə əsasən, İsrailə V-22 “Osprey” hərbi-nəqliyyat konvertoplanları, KS-135 yanacaqdolduran təyyarələr və döyüş təyyarələrində quraşdırılması nəzərdə tutulan radiolokasiya cihazları satılacaq. Birləşmiş Ərəb Əmirlikləri F-16 qırıcıları və onlar üçün raketlər alacaq. Bu növ təyyarələrə sahib Səudiyyə Ərəbistanına da “hava-yer” tipli raketlər satılacaq.
Pentaqonun başçısı Çak Heyqel bəyan edib ki, bu, İrana növbəti xəbərdarlıqdır. Onun fikrincə, hərbi qüvvədən istifadə İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını alan sonuncu vasitə ola bilər. ABŞ-ın müdafiə sektoruna cavabdeh şəxs qeyd edib ki, silah satışının əsas məqsədi İsrailin regionda böyük hərbi üstünlüyünü təmin etməkdir. Heyqel əlavə edib ki, ABŞ yəhudi dövlətinin istədiyi üsulla İrandan müdafiə olmaq, o cümlədən hərbi qüvvədən istifadə haqqını tanıyır.
Burda artıq Ağ Evin rəsmi Tehranla qarşıdurmada taktikasını dəyişdiyi aşkar sezilir. Əvvəllər Birləşmiş Ştatlar hər imkan düşdükdə İsraili İrana qarşı hərbi əməliyyatları başlamaqdan çəkindirməyə çalışırdı, özü də bunu çox aşkarcasına açıqlamağa səy göstərirdi. Amma indi, demək olar ki, istiqamət 180 dərəcə dəyişib. Nəzəri cəhətdən olsa belə, artıq Vaşinqton Yaxın Şərqdəki ən ciddi rəqibinə qarşı hərbi gücdən istifadəni məqbul sayır, yaxud da buna özünü inandırıb. Əlbəttə ki, bu o anlama gəlmir ki, cəmi bir neçə gündən sonra ABŞ desantı Natanz və ya Buşer yaxınlığında əməliyyata başlayacaq. Amma fakt faktlığında qalır. Ümumiyyətlə isə, heç bir variantı siyahıdan pozmaq olmaz. Unutmayaq ki, ABŞ-da prezident seçkiləri yaxınlaşır. Obama özünü nə qədər humanist bir dövlət başçısı kimi göstərməyə çalışsa da, hər halda dünyanın ən güclü ordusu məhz onun əmrinə tabedir.
Pentaqon şefinin bəyanatında maraq doğuran başqa bir məqam da var. İranın nüvə proqramının müəyyən dərəcədə ABŞ-ın maraqlarına da xidmət etməsi barədə fikirlər buğunun məhsulu deyil. Yuxarıda haqqında söz açdığımız müqavilə də belə mövqedə olanlar üçün növbəti bir dəlildir. İslam Respublikası tərəfindən böyüməkdə olan təhlükə haqqında mif yaradaraq “müsəlmanlar gəlir!” şüarı altında astronomik rəqəmlərlə tərif edilən maliyyə əməliyyatlarını həyata keçirmək mümkündür. Axı heç kim üçün sirr deyil ki, dünyada ən böyük gəlirlər narkobiznes və silah alverindədir.
Yaxın Şərqin ərəb ölkələri haqqında da 1-2 kəlmə demək yerinə düşər. İsrailin İranla qarşıdurması anlaşılandı. İslam Respublikası İsraili bir dövlət kimi tanımır və hər fürsət düşdükdə onun tezliklə yer üzündən silinəcəyini bəyan edir. Rəsmi Təl-Əviv üçün ən əsası təhlükəsizliyini (hər halda bütün addımlar belə qələmə verilir) təmin etməkdir. Hansı vasitə ilə, kimlərin yardımı ilə - bu artıq ikinci məsələdir. Bəs ərəblərə nə gəlib? Düzü, yeni bir söz deyilə bilməz. BƏƏ və Səudiyyə Ərəbistanını sadəcə olaraq fakt qarşısında qoyublar. Onlar imtina edə bilərdimi? Yekəqarın ərəb maqnatlarını “ağıllandırmaq” üçün uzağa getmək lazım deyil: Misir, Tunis, Liviya lap yaxındadır. Prinsip belədir: “ya mənimlə evlənirsən, ya da mən sənə ərə gəlirəm”. Vəssalam. Hərçənd, ABŞ siyasətinin bu xüsusiyyətinə dünyanın hər yerində çoxdan adət ediblər. Söz açdığımız 10 milyard isə, formalaşmış imicin növbəti təzahürüdür.
Islam.az