Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinin əməkdaşları Köhnə Xudat kənd məscidinin qarşısında əslən türk olan Müzəffər adlı Almaniya vətəndaşını saxlayıblar. Almaniya vətəndaşının keçmiş polis zabiti olduğu bildirilir.
Məlumata görə, onunla birlikdə məscidə cümə namazına gedən daha 15 yerli dindar da bölməyə aparılıb. Bölmənin baş əməliyyat müvəkkili Binyaməddin Abuzərov Almaniya vətəndaşının yoldan keçərkən məscidin qarşısında dayandığını və polis əməkdaşlarının sənədlərini yoxladıqdan sonra onu sərbəst buraxdıqlarını deyib. Digər 15 nəfərin saxlanmasına gəlincə, baş əməliyyat müvəkkili heç kəsin həbs olunmadığını, dindarlarla bölmədə profilaktik söhbət aparıldığını bildirib.