Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 26-da ABŞ-a səfər edəcək. QMİ-dən verilən məlumata görə, Şeyxülislam ABŞ-ın nüfuzlu Yel Universitetində iyulun 28-dən 31-dək keçiriləcək "Yaradana və qonşuya məhəbbət: sözdə və əməldə" mövzusunda beynəlxalq konfransa qatılacaq.
QMİ sədri Yel Universiteti ilə İordaniyanın Al-əl Beyt Fikir müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif din nümayəndələrinin dinc birgəyaşayış, faydalı əməkdaşlıq məkanı olan tolerantlığın hökm sürdüyü Azərbaycanda üç dini konfessiya – İslam, xristian və yəhudi dinləri arasında bütün dünya üçün örnək ola biləcək münasibətlər barədə məruzə ilə çıxış edəcək. O, səfər çərçivəsində ABŞ-da yaşayan müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri ilə görüşəcək, onları Azərbaycanda mövcud dini tolerantlıq barədə məlumatlandıracaq. QMİ sədrinin səfər müddətinə BMT rəhbərliyi ilə görüşü də nəzərdə tutulub.