Gürcüstanın patriarxı II İlya ölkədə konstitusiyalı monarxiyanın bərpası ideyası ilə çıxış edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu ideya bəzi müxalifət partiyaları tərəfindən dəstəklənib. II İlya hesab edir ki, ölkədə yaranmış şərait gürcü xalqının konstitusiyalı monarxiyanın bərpası ilə bağlı arzusunu gerçəyə çevirə bilər: "Biz Allaha dua edirik ki, Gürcüstan möhkəmlənsin, Gürcüstanda sabitlik yaransın və ölkə birləşsin.
Bu, konstitusiyalı monarxiyanın bərpası ilə baş verəcəksə, Tanrıya minnətdar olacağıq". Katolikos bildirib ki, gürcü xalqı 1801-ci ildən – Baqrationların çarlığının sona yetməsindən bəri bu qədim sülalənin hökmranlığının bərpası arzusu ilə yaşayıb. "Yeni sağlar" Partiyasının lideri David Qamkrelidze patriarxı tam dəstəklədiyini bəyan edib.