Yaxın günlərdə Amerikadakı yəhudi icmasının tanınmış nümayəndələrindən biri, Los Ancelesin nüfuzlu yəhudi dini lideri Ravvin Abraham Kuper Azərbaycana gələcək. Bu barədə məlumatı, Azərbaycanın Los Ancelesdəki baş konsulu Elin Süleymanov verib.
Baş konsulun sözlərinə görə, səfərdə məqsəd Azərbaycanla tanış olmaq və ölkənin dini cəhətdən tolerant olduğuna bir daha şahid olmaqdır. Səfərin təşkilatçılarının Azərbaycan tərəfi və Azərbaycanın Birləşmiş Ştatlardakı dostlarının olduğunu qeyd edən baş konsul ümumilikdə Azərbaycan diasporunun okeanın o tayında ilbəil möhkəmləndiyini deyib.
Elin Süleymanov Azərbaycan diasporunun bir çox məsələlərdə türk lobbisi ilə çox yaxından əməkdaşlıq etdiyini də bildirib. Onun sözlərin görə, hazırda əsas diqqət Birləşmiş Ştatlarda təhsil alan istedadlı türk və azərbaycanlı gənclərin Amerikanın aparıcı dövlət strukturlarında, o cümlədən konqres, dövlət departamenti və Ağ evdə təcrübə keçməsinə imkan yaratmağa yönəlib.
Baş konsul bir müddət əvvəl ermənilərin Los Ancelesdə Dağlıq Qarabağın işğalının 20 illiyini təntənəli şəkildə qeyd etmələrinə də toxunub. Bununla bağlı müvafiq strukturlara məktubla müraciət edərək etirazlarını bildirdiklərini deyən cənab Süleymanov erməni lobbisinin son dərəcədə güclü olduğu şəhərin rəhbərliyinin məktuba adekvat cavab vermədiyini də qeyd edib. /ANS TV/