Möcüzəni xatırladan bu hadisə ötən əsrin 30-cu illərində Detroytda baş verib. Küçə ilə getdiyi zaman yanından ötdüyü hündürmərtəbəli binanın pəncərəsindən, sözün əsl mənasında, Cozef Fiqlokun başına bir yaşlı körpə düşüb.
Maraqlıdır ki, hadisə iştirakçılarının heç biri ciddi xəsarət almayıb. Sonradan bəlli olub ki, uşağın anası pəncərəni bağlamağı unudub. Körpə isə, özünəməxsus maraqla, küçəyə baxmaq istəyib. Amma faciə ilə nəticələnə biləcək bu hadisə xoş sonluqla bitib.
Əlbəttə ki, bəziləri bunu möcüzə, təsadüf kimi qiymətləndirə bilər. Amma əhvalat bununla bitmir. Bir il ötdü. Cozef yenə də həmin küçədən, həmin binanın qarşısından keçirdi. İnanmaq çətin də olsa, amma yenə də həmin pəncərədən onun başına elə həmin körpə düşdü! Düzdü, bu dəfə uşaq bir qədər böyümüşdü, çəkisi də nisbətən ağır idi. Lakin yenə də hadisə iştirakçıları ciddi xəsarət almadılar. Möcüzədir? Təsadüf?
Sonra da deyirlər ki, mərmi bir çalaya 2 dəfə düşmür. Olur, hər şey olur. Yetər ki, Allah iradə etsin...