Fransanın məşhur Luvr muzeyində islam incəsənəti nümunələrinin saxlanılacağı yeni qalereyanın təməlqoyma mərasimi keçirilib. Mərasimdə Fransa prezidenti Nikola Sarkozi və Səudiyyə Ərəbistan şahzadəsi Əl-Valid bin Talal iştirak ediblər.
N. Sarkozi mərasimdəki çıxışında deyib ki, yeni qalereya islam dininin nailiyyətləri və mahiyyətini yaxından öyrənməyə imkan yaradacaq. O bildirib ki, əsl islam tərəqqi, müasirlik və incəlik deməkdir.
Qeyd edək ki, qalereyanın yaradılmasına 100 milyon dollar ayrılıb. Bu məbləğin 31,8 milyonunu Fransa, 26,9 milyonunu Səudiyyə Ərəbistanı, qalanını isə Azərbaycan, Oman, Küveyt kimi müsəlman ölkələri və bir sıra şirkətlər veriblər. Qalereyada 2 mindən çox islam incəsənəti nümunəsi toplanacaq. Qalereya 2010-cu ilin sonunda ziyarətçilər üçün açılacaq.