Bu gün Bakı buxtası sahilində yerləşən və son 11 ildə təmir-bərpası aparılan Bibiheybət məscidinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, ölkənin hökumət rəsmiləri, tanınmış elm və din xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən dövlət başçısı Azərbaycanın sürətlə inkişaf etdiyini deyib, son illər əldə olunan iqtisadi uğurlardan danışıb. İ.Əliyev Azərbaycanın tolerantlıq sahəsində dünyada nümunəvi ölkə olduğunu bildirib. Dövlət başçısı son illər məscidlərin, ziyarətgahların və müqəddəs ocaqların təmir-bərpa olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, XIII əsrə aid olan bu tarixi dini memarlıq abidəsinin təmir-bərpasına 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə başlanılıb. Məscid son 11 il ərzində şərq memarlıq üslubunda bərpa edilib. Bibiheybət məscidinin iki minarəsindən biri Heydər Əliyevin adını daşıyır. Müqəddəs ocaqda səkkizinci imam Rzanın (ə.s.) bacısı həzrəti Hökumə xanım dəfn olunub.