Müqtəda əs-Sədr və Abdul Əziz əl-Hakimin rəhbərlik etdikləri şiə qruplaşmaları arasında anlaşma imzalanıb
İraqda şiə liderlər Müqtəda əs-Sədr və İslam İnqilabı Təşkilatının rəhbəri Abdul Əziz əl-Hakim iki şiə təşkilatı arasında münasibətlərin yaxşılaşdırılması barədə razılıq imzalayıblar.
Razılıqda qarşılıqlı anlayış məqsədiylə informasiya mübadiləsi nəzərdə tutulub. Əldə olunan razılığın tələblərinin yerinə yetirilməsinə nəzarəti ölkənin bütün əyalətlərində filialları yaradılacaq birgə komitə edəcək.
Xatırladaq ki, bir ay əvvəl Müqtəda əs-Sədrin rəhbərlik etdiyi "Mehdi ordusu" və Əl-Hakimin rəhbərlik etdiyi "Əl-Bədr" milisləri arasında silahlı qarşıdurma yaşanmışdı. 2 həftə davam edən qarşıdurma nəticəsində 50-dən çox insan həyatını itirib. Faciəvi hadisələrdən sonra Əs-Sədr ayrı-ayrı qruplara bölünməyə başlayan təşkilatın yenidən formalaşması üçün bir müddət fəaliyyətlərini dayandırdığını bəyan edib.