Yəmənli kolleksioner Məhəmməd peyğəmbərin (s) Bizans kralı Herakla göndərdiyi məktubun orijinal nüsxəsini 41 milyon dollara satışa çıxarıb. Kolleksioner məktubun 1400 il əvvəl yazıldığını, orijinal olduğunu və üzərində peyğəmbərin möhürünün olduğunu deyib.
Yəmənli bunun Almaniya laboratoriyalarında keçirilən testlər vasitəsilə təsdiq edildiyini bildirib. O, məktubun ona atalarından miras qaldığını və ona göz bəbəyi kimi baxdığını deyib.
Məktubun satışa çıxarılması məsələsinə aydınlıq gətirən Həsən əl-Qəşəm əsəri mühafizə edəcək, ona layiq olduğu dəyəri verəcək və gələcək nəsillərə çatdıra biləcək bir qurum axtardığını qeyd edib. Kolleksioner məktubu daha çox insanın görə biləcəyi bir yerdə nümayiş ediləcək bir İslam təşkilatına satmaq istədiyini deyib. Cəhdlərin nəticəsiz qalacağı təqdirdə məktubu Londonda qiymətli əsərlərin satıldığı bir muzeydə satışa çıxarmaq məcburiyyətində qalacağını bildirib.
Məktub üçün 41 milyon dollardan aşağı qiymətlə razılaşmayacağını deyən Qəşəm hazırda Qətər və İordaniyadan olan kolleksionerlərdən aldığı təklifləri nəzərdən keçirdiyini deyib.