İranın Gülüstan əyalətinin inqilab prokuroru Abbas Puriyani iyulun 8-də jurnalistlərə açıqlamasında bundan sonra hicabsızlığa (yarımçıq hicaba) qarşı mübarizədə hüquq-mühafizə qüvvələri ilə yanaşı səyyar hakimin də iştirak edəcəyini bildirib. Tətbiqi Gülüstandan başlayan yeni qaydalara görə, polis küçə və parklarda, əyləncə mərkəzlərində yarımçıq hicablı xanımları saxladıqda səyyar hakim yerindəcə cəza qərarı çıxaracaq.
Müstəqil hüquqçu Nəsrin Sütudə "Azadlıq" radiosunun fars redaksiyasına açıqlamasında yeni qaydadan narahat olduğunu vurğulayaraq İran qanunlarında "hicabsızlıq" adlı bir suçun ümumiyyətlə qeyd olunmadığını bildirib. O, belə bir layihənin həyata keçirilməsi ilə qadınların hüquqlarının əvvəlkindən daha ciddi şəkildə pozulmasına gətirib çıxaracağını söyləyib.