Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Bakıda Rusiya prezidenti Dmitri Medvedyevlə görüş zamanı Azərbaycanda tolerantlığın səviyyəsi barədə məlumat verəcəklər. Bu barədə Xəzəryanı və Bakı yepiskopu Aleksandr Ata deyib.
"Azərbaycanda konfessiyalararası münasibətlər bütün dünyada böyük maraq doğurur. Bu münasibətlər barədə Almaniyada keçirilmiş konfransda da danışmışam. Rusiyanın yeni seçilmiş prezidentinin Azərbaycana səfəri bir məqamla da əlamətdardır. Dmitri Medvedyev ilk səfərlərindən birini Azərbaycana edir. Bu onu göstərir ki, Rusiya Azərbaycana böyük maraq göstərir, səfər bu əlaqələrin bütün sahələr və səviyyələrdə inkişafına xidmət edəcək".