Azərbaycanın Zaqatala rayonunda xristian-baptist dini icmasının lideri Həmid Şabanov həbs edilib. Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Kamandar Həsənovun verdiyi məlumata görə, H. Şabanov qanunsuz odlu silah saxlamaqda təqsirli bilinir.
Rəis müavininin sözlərinə görə, polis əməkdaşları bazar günü Zaqatalanın Əliabad kənd sakini, xristian-baptist dini icmasının rayondakı lideri hesab olunan 1956-cı il təvəllüdlü Həmid Təmraz oğlu Şabanovun evində axtarış aparıblar. Axtarış zamanı H. Şabanovun yaşadığı mənzildən 1 ədəd "Naqan" tipli tapança və xristian dininə aid qadağan olunmuş 37 ədəd ədəbiyyat aşkar edilərək götürülüb. H.Şabanovun artıq həbs edildiyini vurğulayan rəis müavini onun barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etmə və saxlama) maddəsi ilə cinayət işinin başlandığını bildirib. //APA