Prezident İlham Əliyev iyunun 11-də İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib. "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumun əhəmiyyətindən danışan İhsanoğlu, tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına, həm də YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.
O, qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi mədəniyyətlərarası dialoqda və ölkələrin ictimai həyatında qadınların rolunun daha da artırılmasına xidmət edəcək.
Dövlət başçısı "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumun ölkəmizdə keçirilməsini YUNESKO və İSESKO kimi nüfuzlu təşkilatların Azərbaycana olan hörmətinin və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlərə verilən qiymətin əlaməti kimi dəyərləndirib. Prezident İlham Əliyev bildirib ki, bu cür mötəbər tədbirlər beynəlxalq əməkdaşlığın daha da genişlənməsi işinə öz töhfəsini verəcək. /Azərtac/