Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupu Müdirlər Şurasının 33-cü illik toplantısı keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, banka üzv olan 56 ölkənin yüksək vəzifəli nümayəndələrinin iştirak etdiyi toplantıya Bəhreynin maliyyə naziri Əhməd əl-Xəlifə sədrlik edib.
Tədbirdə ölkəmizi İslam İnkişaf Bankında Azərbaycan üzrə müdir, ölkənin iqtisadi inkişaf naziri Heydər Babayev təmsil edib. Toplantıda İİB-ə üzv olan təşkilatların - İslam Həmrəylik Fondunun, İslam Ticarət Maliyyə Korporasiyasının, İnvestisiyalar və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının illik hesabatları dinlənilib, növbəti illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib. İclasda təşkilati məsələlərə də baxılıb ki, Tacikistan vətəndaşı Hamadan Taqaymurodov İİB-in D Qrupuna (bu qrupa Orta Asiya ölkələri, Albaniya və Azərbaycan daxildir) icraçı direktor seçilib. Bundan başqa, İİB-in 34-cü illik toplantısının Türkmənistanda, 2010-cu ildəki 35-ci illik toplantısının isə Bakıda keçirilməsi qərara alınıb.
Toplantı çərçivəsində İİB-ə üzv olan müxtəlif ölkələrdə fəaliyyət göstərən və Bankın əməkdaşlıq etdiyi təşkilatların tədbirləri (seminarlar, təqdimatlar, görüşlər) də keçirilib.
Səudiyyə Ərəbistanına səfəri çərçivəsində H.Babayev İİB-in prezidenti Əhməd Məhəmməd Əli ilə də görüşüb və Bankla əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
Qeyd edək ki, iyunun 12-də İİB prezidenti Əhməd Məhəmməd Əlinin Bakıya səfəri nəzərdə tutulur. Səfər çərçivəsində Bank rəhbərinin Bakıda keçiriləcək Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin I İnvestisiya Konfransında iştirak edəcəyi gözlənilir.