Bu gün BMM-də "Beynəlxalq tütünsüz gün" münasibətilə İcərişəhər "Cümə" məscidi dini icması, "Dəyərlər" AİN, "İman və elm" gənclər mərkəzi, "Sağlam həyat tərzi uğrunda" hərəkatı, İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası və "İmam Əli (ə)" idman klubunun təşəbbüsü ilə "Özünü zəhərləmə!" şüarı altında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə İçrərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu açıb. O, "Beynəlxalq tütünsüz gün"ün elan olunma zərurətini, tütünün insan həyatı üçün yaratdığı fəsadları təhlil edib, mövzu ilə bağlı statistik rəqəmlərə toxunub. Hacı bildirib ki, orta hesabla hər keçən 1dəqiqədə dünya üzrə 10 nəfər siqaretin qurbanı olur.
Bundan başqa tədbirdə çıxış edənlər siqaret çəkməyin insanın sağlamlığına, hətta həyatına kəsb etdiyi real və labüd zərər barədə məruzələr səsləndiriblər. Bildirilib ki, siqaret tüstüsü nəinki tək bu zərərli vərdişə mübtəla olanın özünün, habelə onun ətrafdakılarının, xüsusilə də azyaşlı uşaqların səhhətinə dəhşətli ziyan vurur. Bundan başqa çıxışlarda açıqlanıb ki, hər il dünyada yalnız iş yerlərində 200 min insan passiv siqaretçəkmədən (tüstü udmaqdan) həyatının itirir.
Tədbirdə habelə "Cümə" məscidi dini icmasının "İntizar" yaradıcılıq studiyasının və "İman və elm" gənclər mərkəzinin hazırladığı tütün əleyhinə maarifləndirici video-çarxın prezentasiyası keçirilib, mövzuya aid slayd təqdimatı edilib.