ATƏT-in Minsk qrupunun digər üzvləri ilə yanaşı, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səylərini davam etdirəcək.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2012-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında SalamNews-un Moskva müxbirinin sualına cavabında bildirib.
O deyib: "Əgər biz məsələni təcrübədə həll etmək istəyiriksə, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi hərəkətə keçmək lazımdır. Həmsədrlər bir neçə il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə razılaşmanın hazırlanması ilə bağlı işlər aparıblar, ancaq tərəflər yekun sənədin maddələrini uzlaşdıra bilməyiblər."
Nazir bildirib ki, 2010-cu ilin mayında Rusiya, ABŞ və Fransa prezidentlərinin G-8-lərin Sammitində bəyanatı qəbul olunub. Bəyanata əsasən, onlar Bakını və İrəvanı münaqişənin həlli üzrə sənədi təsdiqləməyə səsləyiblər, lakin Azərbaycan və Ermənistan prezidentlərinin Kazandakı görüşündə sənəd təsdiqlənməyib.
S.Lavrovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər iki tərəfin XİN rəhbərləri danışıqların hazırkı mərhələsində görüşlər keçirir, işlər davam edir. ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tərəflərə məsələnin həlli sənədi təklif edilib, ancaq hələlik nəticə əldə olunmayıb. Məlumatı islam.az SalamNews-a istinadən yayıb.