Azərbaycan Müəllif Hüquqları Agentliyinin (AMHA) monitorinq qrupu və piratçılığa qarşı mübarizə komissiyası Bakı şəhərindəki metro keçidlərindəki köşklərdə monitorinq keçirib.
Komissiyanın üzvü Bəhram Məmmədov reydlər zamanı pirat nüsxələrin aktlaşdırıldığını bildirib: "Metro keçidlərindəki köşklərdən xalq yazıçısı Çingiz Abdullayevin 10 əsəri pirat olması ehtimalı ilə aktlaşdırılaraq götürülüb. Eyni zamanda "Quran"ın saxta hesab edilən xeyli nüsxəsi agentliyin vəsaiti hesabına aktlaşdırılıb". Aktlaşdırılan nüsxələrin ekspertizaya göndəriləcəyini deyən B. Məmmədov hazırda piratcılığın geniş yayıldığını bildirib: "Bu pirat məhsulların hansı yollarla Azərbaycana gətirilməsi araşdırılır. Bunların, əsasən Dağıstandan gətirildiyi ehtimal edilir". B. Məmmədov pirat məhsulların aşkarlanması məqsədi ilə paytaxtda aparılan monitorinqlərin davam etdiyini, analoji monitorinqlərin yaxın günlərdə bölgələrdə də keçiriləcəyini bildirib.