Bir nadan, böyük hökmdar, peyğəmbər Süleymanın (ə) hüzuruna gələrək dedi:
- Hökmdar, bu gün yuxuda Əzraili görmüşəm. Yanımda dayanaraq məni süzdü. Baxışlarından anladım ki, mənim barəmdə nə isə fikri var!
- Yaxşı, axı mən sənə necə yardım göstərə bilərəm? – Süleyman (ə) təəccüblə soruşdu.
- Qurbanın olum, hökmdar, əmr et, qoy külək məni bir göz qırpımında Hindistana çatdırsın. Orda ölüm mələyi məni tapa bilməz!
Peyğəmbər dərhal küləyə əmr etdi ki, bu binəvanı Hindistana çatdırsın. Hadisədən bir müddət keçəndən sonra Süleyman (ə) Əzrail ilə görüşdü və ondan soruşdu:
- Ey Allahın məmur mələyi, nə üçün sən Rəbbimizin bəndəsini bu dərəcədə qorxuzdun? O, hətta ailəsini və qohumlarını unudaraq, bir göz qırpımında Hindistana qaçdı.
Ölüm mələyi cavab verdi:
- Mən özüm də təəccüb edirəm. Allah-taala mənə əmr etmişdi ki, mən bu bəndənin canını Hindistanda alım və onu Cəhənnəmə göndərim. Odur ki, onu Hindistandan xeyli uzaqda görəndə gözlərimə inanmadım. Amma Allaha şükürlər olsun ki, o, vəd olunmuş zaman özünü Hindistana yetişdirdi və mən Rəbbimin əmrini icra etdim.
Heç vaxt unutmaq olmaz: əgər insan hətta özündən qaça bilmirsə, Uca Allahdan heç qaça bilməz.