Amerikalı jurnalist "Əbu-Bəkr" məscidindən reportaj verib
Azərbaycanda vəhhabiliyin güclənməsi Qərbdə də diqqətlə izlənilir. Xəbər verildiyi kimi, bir çox Qərb ekspertləri və təhlilçiləri radikal vəhhabiliyi Azərbaycanda stabillik üçün başlıca təhlükə mənbələrindən biri kimi görürlər.
Bu dəfə isə Amerikanın "The State" internet jurnalının əməkdaşı Coşua Kuçer Bakıda olub və vəhhabilərin ən böyük məscidi kimi tanınan "Əbu Bəkr"dən reportaj hazırlayıb. Amerikalı jurnalist qeyd edir ki, şəhərin biznesin və nəqliyyatın gur olduğu səmtində yerləşən bu məsciddə ibadət edənlərin sayı günbəgün artır. "Burada gənc imam Qamət Süleymanov İslamın Azərbaycan hakimiyyətinin qorxduğu və vəhhabilik kimi tanınan fundamental səudi stilində moizələr oxuyur. Lakin maraqlıdır ki, hakimiyyət ölkədəki bütün bu tipli məscidləri bağlayıb, ancaq "Əbu Bəkr"ə imkan verib ki, fəaliyyətini davam etdirsin. Bəziləri bunu hakimiyyətin Qamət Süleymanovun populyarlığından çəkinməsi ilə izah edirlər". Jurnalist məsciddə cümə namazından əvvəl olub və özünün yazdığı kimi ayaqqabılarını çıxararaq Brazilya futbolçularının rəsmi olan köynək geyinmiş Meydan adlı icma üzvü ilə yan-yana əyləşib. "Mən onun yanında əyləşmək istəyirəm, ancaq bilmirəm ki, o amerikalı ilə bərabər oturmağa necə baxacaq. Ancaq Meydan mənim onunla yanaşı dayanmağıma həvəslə razılaşır. O, mənim gəlişim haqda məscid rəhbərliyinə məlumat verir. İcma üzvlərinin bir çoxu qarşılarına azərbaycan, bir çoxları isə rus dilində Quran qoyublar. Məscidin divarları vəhhabilikdə olduğu kimi ağdır, ancaq rəngləri köhnəlib, bəzi yerlərdə suvaqlar qopub". Meydan amerikalı jurnalistlə söhbətində bu məscidi şiə məscidlərindən üstün tutmasını belə əsaslandırıb: "Şiələr əsl İslama zidd olan işlərlə məşğuldur. Onlar müqəddəs hesab etdikləri insanların qəbirlərinə inanırlar, müqəddəs su içirlər və özlərini döyürlər". Meydanla bərabər dayanmış digər vəhhabi isə mobil telefonundakı başına qara çadra taxmış qadının Aşura günündə özünü döyməsini əks etdirən videokadrları amerikalı jurnalistə göstərib: "Normal adamlar belə eləməzlər, hətta xristianlar da". Meydan deyir ki, o əsl İslamın Səudiyyə Ərəbistanında olduğuna inanır: "Bu ölkəyə getsən, hansısa oteldə qalmağa ehtiyac yoxdur. İstənilən müsəlman sizi üç gün evində qonaq saxlamağa hazırdır, əsl İslam bax, budur". Amerikalı jurnalist ibadət edən vəhhabilər arasında BP şirkətinin əməkdaşını da görüb. O deyib ki, şirkət istirahət günləri ona sərbəstlik verir və buna görə də vaxtını bu məscidə gəlməklə keçirir: "Çünki burada əsl İslam dinini təbliğ edirlər". Coşua Kuçera daha sonra yazır ki, Q.Süleymanov minbərə çıxıb moizə oxumağa başlayır və toplaşanlardan bir çoxu onun çıxışını mobil telefonlarına qeyd edir: "O, azəri dilində çıxış etdiyinə görə mən bir şey başa düşə bilmirəm, ancaq Süleymanovun nitqinin rəvan olduğunu, kütləni inandırdığını görmək üçün tərcüməçiyə ehtiyac yoxdur. Mənə deyirlər ki, hər cümə namazına az qala 10 min adam gəlir. Onu dinləyənlərdən birindən Süleymanovun nə dediyini anlatmağı xahiş edirəm. Elşad adlı bu vəhhabi deyir ki, imam müsəlmanları terrorçu-kamikadze olmaqdan çəkinməyə çağırırdı. "Doğrudan, o, "terroçu-kamikadze ifadəsini işlətdi?" deyə soruşuram. "Yox, amma bilirik ki, onu nəzərdə tutur". Məqalədə deyilir ki, terrorçuluq mövzusu "Əbu-Bəkr"də həssas mövzudur. Çünki 11 sentyabr hadisələrindən sonra hakimiyyət Qərbin İslam qorxusunu istifadə edərək hansısa sosial narazılıq əlamətini yatırtmaq üçün insanları "vəhhabi" və ya "terrorçu" adı altında həbs edir. Hökumət vaxtilə "Əbu-Bəkr"i də Çeçenistana terrorçular göndərməkdə ittiham edib və bağlamaqla hədələyib. "Analitik Arif Yunusov mənimlə söhbətində deyir ki, Azərbaycanda radikal İslamın güclənməsi Qərbin səhv siyasətinin nəticəsidir. Onun dediyinə görə, azərbaycanlılar əsasən Qərbə meyllidir, ancaq 2003-cü il prezident seçkiləri zamanı ABŞ-ın tutduğu mövqe əhalini Qərbdən üz döndərməyə vadar edib. Q.Süleymanov isə amerikalı jurnalistlə söhbətində dəfələrlə deyib ki, terrora qarşıdır və "Əl-Qaidə" kimi radikal təşkilatların fəaliyyətini İslama qarşı hesab edir. Ancaq o deyib ki, hökumətin qadınları başlarını açmağa məcbur etməsini də istəmir. "Əbu-Bəkr"in imamı onu da deyib ki, Dağlıq Qarabağ münaqişəsini ancaq hərbi yolla azad etmək olar. Onun fikrincə, Qərblə iqtisadi əlaqələr lazımdır, ancaq Qərb mədəniyyətini Azərbaycana gətirmək olmaz. / Yeni Müsavat