Mərkəzi Asiya səfəri çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekə gələn ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəsi Robert Bleyk Qırğızıstanın prezidenti Almazbek Atambayev və baş nazir Kantörö Satıbaldıyev ilə görüşüb, - islam.az məlumatı “BBC”-yə istinadən yayıb.
Qırğızıstan prezidentinin mətbuat xidmətinin bildirdiyinə görə, görüşlərdə Manas hərbi bazasından ABŞ-ın istifadəsi müzakirə olunub. Atambayev görüş zamanı bildirib ki, 2014-cü ildən sonra Manas hava limanı yalnız mülki uçuşlar üçün istifadə ediləcək və ABŞ bu hava limanından öz bazası kimi istifadə edə bilməyəcək.
Bleykin Qırğızıstan rəhbərliyi ilə keçirilən görüşləri mətbuat üçün qapalı təşkil olunub. Tərəflərin iki ölkə arasında iqtisadi, təhlükəsizlik, mədəniyyət və elm sahələrində əməkdaşlığı da müzakirə etdiyi bildirilir.