İslam.az “Azerimuslims.com” saytına istinadən bildirir ki, Tunis prezidenti Münsif Mərzuqi yaxın zamanda Fələstinin Qəzza zolağını ziyarət edəcək. Prezidentin beynəlxalq münasibətlər üzrə müşaviri Ənvər əl-Qərbi Mərzuqinin səfərinin Fələstin xalqına dəstək xarakteri daşıdığını bildirib.
Müşavir “Qüds-Press” informasiya agentliyinə açıqlamasında Tunis prezidentinin Qəzzaya Misirdən keçəcəyini vurğulayaraq, ziyarət çərçivəsində İordan çayının qərb sahilinə səfərin nəzərdə tutulmadığını deyib.
Bu arada 1948-ci ildə işğal edilmiş Fələstin torpaqlarında fəaliyyət göstərən İslam Hərəkatının lideri Şeyx Raid Salah İsrailin Qüds şəhərinin və Əqsa məscidinin yəhudiləşdirilməsi planını sürətləndirdiyini bildirib. Son dövrlərdə işğalçı rejimin Əqsa məscidinə basqınları artırdığını və basqınlar zamanı yəhudilərin məsciddə dini ayin keçirdiklərini qeyd edən Salah Netanyahu hökumətinin bununla Əqsa məscidinin müsəlmanlar və yəhudilər arasında bölünməsinə nail olmaq istədiyini deyib.
Əqsa Vəqfi və Mədəni Mirası Təşkilatının keçirdiyi tədbirdə çıxış edən Şeyx Salah işğalçı rejimin hərəkətlərinin sonda Əqsa məscidinin dağıdılaraq, yerində “heykəl” ucaldılması ilə başa çatdırmağa çalışacağının açıq şəkildə göründüyünü qeyd edib.