Yanvarın 15-də Cəlilabad Rayon Məhkəməsində keçirilən prosesdə ruhani İlqar Əliyevə hökm oxunub.
İslam.az-ın “Media forum” saytına istinadən verdiyi xəbərə görə, vəkil Tağı İbrahimov ruhaninin 11 ay müddətinə azadlıqdan məhrum edildiyini deyib: “Bu da o deməkdir ki, İlqar Əliyev yanvarın 17-də azadlığa buraxılacaq. Çünki o, həmin müddəti artıq həbsxanada başa vurub”.
İlqar Əliyev 2012-ci ilin fevral ayında tutulub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ittiham olunub.
Ruhani özü həbsini 2012-ci ilin mayında Bakıda keçirilmiş “Avroviziya” mahnı yarışmasına etiraz etməsi ilə bağlayır.