Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Yardım Agentliyi Əfqanistanın inkişafı üçün BMT-nin İnkişaf Proqramı çərçivəsində 150 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə bu barədə məlumat BMT-nin Bakı ofisi tərəfindən açıqlanıb.
Vurğulanıb ki, Azərbaycan müasir idarəçilik və dövlət quruculuğu sahələrində əldə etdiyi uğurlarla dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmaqdadır. Azərbaycan Əfqanıstanın qarşısında duran problemlərin həllində qardaş əfqan xalqını fəal dəstəkləyir. Son illərdə əfqan rəsmiləri Azərbaycanda tətbiq edilən qabaqcıl inkişaf təcrübəsi ilə yaxından tanış olub, bu istiqamətdə məhsuldar müzakirələr aparıblar.
Məlumatda deyilir ki, bu maliyyə yardımı Azərbaycanın beynəlxalq səviyyədə fəal mövge tutaraq qlobal əhəmiyyət kəsb edən proseslərdə sadəcə, təcrübə mübadiləsi ilə kifayətlənməyərək mötəbər donor ölkələri sirasına daxil olmasını göstərir. Azərbaycan Beynəlxalq İnkişaf Yardım Agentliyinin BMT-nin Inkişaf Programı ilə birgə həyata keçirdiyi bu təşəbbüs həm qardaş əfqan xalqı, həm də Əfqanıstanın inkişafına dəstək verən digər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək giymətləndirilir. Azərbaycan hökuməti tərəfindən ayrılan bu məbləğin əfqan hökumətinin elektron idarəçilik üsullarının pilot olaraq tətbiq edilməsi üçün istifadə ediləcəyi gözlənilir. Bu isə Azərbaycanın elektron idarəçilik sahəsində əldə etdiyi uğurlu təcrübə ilə bilavasitə əlaqədardır.