Dünyanın ilk və hələlik yeganə müsəlman sosial şəbəkəsi “Salamworld” mart ayında sınaq yayımına start verəcək.
İslam.az-ın Azerimuslims.com saytına istinadən yaydığı xəbərə görə mərkəzi Türkiyədə yerləşən şəbəkənin İdarə Heyətinin sədri Nədim Qaya məqsədlərinin müsəlmanların dünyaya, dünyanın isə müsəlmanlara açılması olduğunu deyib. Qaya 5 il ərzində 50 milyon istifadəçinin şəbəkəyə üzv olmasının başlıca hədəflərindən olduğunu deyib.
Şəbəkə rəsmisi “Salamworld”un “Facebook”a alternativ olmadığını vurğulayaraq, rəhbəri olduğu platformun daha çox “internet məscid” xarakteri daşıdığını bildirib.
“Biz bu şəbəkədə bir uşağın oyun oynamasını, qadının yemək reseptinə baxa bilməsini, bir gəncin idman xəbərləri ilə tanış ola bilməsini istəyirik. Başqa sözlə, biz müsəlmana yaraşan internet mühitinin formalaşdırılması üçün çalışırıq”, - deyə Nədim Qaya qeyd edib.
Məlumat üçün deyək ki, bir çox dildə hazırlanan “Salamworld”da əxlaqa zidd foto və videoların, eləcə də qumar və digər oyunların reklamı və yerləşdirilməsi qadağandır.