Pentaqon öz hesabatında İranın Suriya ərazisindən İsraili izlədiyini açıqlayıb.
Amerikanın World Tribune qəzetinin veb-saytında bildirilir ki, sözügedən hesabatda İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH-ın) 2006-cı ildən etibarən Suriya ərazisində İsrailə qarşı kəşfiyyat fəaliyyətini gücləndirdiyi qeyd olunur. Əsas məqsədlərdən biri isə Hizbullahı aktual kəşfiyyat məlumatları və materialları ilə təmin etməkdir.
İslam.az-ın "Yeni Şərq"ə istinadən verdiyi xəbərə görə, hesabatda hazırda Pentaqonda İranın Suriya ərazisində müsir kəşfiyyat qurğularıyla təchiz olunmuş iki izləmə stansiyası olduğu haqda məlumatlar var. Bu stansiyalardan biri ölkənin şimalındakı əl-Cəzirə məntəqəsində, digəri isə Colan yüksəkliyinin Suriyanın nəzarətində olan hissəsində yerləşir.
ABŞ müdafiə nazirliyinin açıqlamasında həmçinin bildirilir ki, birbaşa İranın dini lideri Ayətullah Xameneiyə tabe olan xüsusi xidmət briqadası son zamanlar İsrail vətəndaşı olan ərəb və yəhudilərin, xüsusilə iranmənşəli yəhudi vətəndaşların əməkdaşlığa cəlb edilməsi əməliyyatlarını fəallaşdırıb.