Əfqanıstan xarici koalisiya qüvvələri ölkəni tərk etdikdən sonra daha təhlükəsiz olacaq.
İslam.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstan prezidenti Kabildəki mətbuat konfransında özünün ABŞ-a dördgünlük rəsmi səfərinin yekunları barədə danışarkən bildirib.
Müxbirlərin: "NATO hərbi qüvvələri getdikdən sonra Əfqanıstanın təhlükəsizlik sferası ziyan görməyəcəkmi?" sualına cavabında H. Kərzayi bildirib: "Qətiyyən! Əfqanıstan daha təhlükəsiz və yaxşı olacaq".
Bununla yanaşı, Əfqanıstan hökumətinin rəhbəri qeyd edib ki, 2014-cü ildən sonra da Əfqanıstanda qala biləcək Amerika hərbi qüvvələrinə hüquqi toxunulmazlığın verilməsi barədə məsələyə cirqə Loyyasının (Ali Milli Məclis) ağsaqqalları qərar verəcək.
"Rəhbərliyin bu məsələyə qərar vermək hüququ yoxdur, buna əfqan xalqının özü qərar verməlidir" - Kərzayi belə deyib.
Vaşinqtondakı danışıqlarda ABŞ Prezidenti Barak Obama Həmid Kərzayiyə bildirib ki, Amerika qüvvələri üzərində əfqan məhkəmə qərarları tətbiq olunarsa, onlar Əfqanıstanda qalmayacaqlar. Onun sözlərinə görə, Amerika hərbçiləri dünyanın müxtəlif nöqtələrində yalnız üzərlərində ABŞ məhkəmə qərarlarının saxlanılması şərtilə fəaliyyət göstərirlər.