İraqdakı ABŞ ordusunun komandanlığı çavuşlardan birinin güllə atıcılığından məşq zamanı müsəlmanların müqəddəs kitabı Qurandan hədəf kimi istifadə etməsinə görə üzr istəyib. Bağdadda ABŞ ordusunun snayperlər bölümünün komandiri general Cefri Hammond mətbuat konfransında üzünü yerli əhaliyə tutaraq deyib: "Mən sizin qarşınızda durub məni və əsgərlərimi bağışlamağınızı rica edirəm".
General özü üzr istəməklə yanaşı, mətbuat konfransında həmin çavuşun yazdığı məktubu da oxuyub. Çavuş da məktubunda bağışlanmasını xahiş edib.
İnsident 9 mayda baş verib. Hərbçilərin bildirdiyinə görə, bu haqda yalnız iki gün sonra xəbər tutublar.
Yerli icma rəhbərlərindən birinin bildirdiyinə görə, güllə atıcılığı məşqindən sonra yerli polislərdən biri üstünə hədəf çəkilmiş və güllədən dəlmə-deşik edilmiş Quran tapıb. Bundan sonra məsələyə yerli icmalar qarışmalı olublar.
Hərbi komandanlıq isə həmin çavuşun artıq cəzalandığını bildirirlər.