Mayın 14-də İranın bəhai icmasının 6 rəhbəri həbs edilib. "İran Milli Məhfeli" adıyla fəaliyyət göstərən, 7 nəfərlik rəhbər heyətin idarə etdiyi icma bununla tam başsız qalıb. İcmanın daha bir rəhbəri Məhvəş Sabiti üç ay əvvəl tutmuşdular.
ETTELAAT qüvvələri İran bəhailərinin rəhbərləri Fəriba Kamal Abadi, Cəmaləddin Xancani, Əfif Nəimi, Səid Rzai, Behruz Təvəkküli və Vəhid Tizfəhmini Tehranın Evin həbsxanasına aparıblar.
Dünya Bəhai İcmasının BMT-dəki yüksək rütbəli nümayəndəsi xanım Bani Doqal jurnalistlərə açıqlamasında həbsləri pisləyib: "Tutulanların yeganə günahı Bəhai dininə inanmalarıdır".
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.