Bakı və Xəzərətrafı ölkələrin pravoslav kilsəsi rəhbərliyi “Park.İNN” otelində Milad bayramı münasibətilə tədbir keçirib.
Islam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, kilsənin rəhbəri arxiyepiskop Aleksandr çıxış edərək mərasimə toplananları bayram münasibətilə təbrik edib. O, bu ilin daha uğurlu, rifahlı və əmin- amanlıq içində olması üçün dualar edib. Kilsə rəhbəri bildirib ki, Milad münasibətilə Azərbaycanın bütün kilsələrində ibadət mərasimləri keçirilib. Bayram ibadətləri həftə boyu davam edəcək. Yanvarın 10-da Milad bayramı şənlikləri çərçivəsində paytaxtdakı Kapellhauzda xeyriyyə konserti olacaq.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Komitənin sədri Elşad İsgəndərov, Azərbaycan yəhudi icmasının sədri Semyon İxilov, xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.
Xatırladaq ki, Milad bayramı münasibətilə Bakıda hər il xeyriyyə konserti verilir. Bundan əlavə, Bakıda uşaqlar üçün xeyriyyə şənliyi təşkil ediləcək.



