Daşkəsəndə əsgər ölümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət üçün imzatoplama kampaniyasına başlanılıb.
İslam.az gün.az-a istinadən xəbər verir ki, “online” imzatoplama kampaniyasının müəllifləri müəmmalı əsgər ölümləri ilə bağlı dərin narahatlıq keçirdiklərini və bu problemə diqqət ayrılmasını, problemin təcili şəkildə həll olunmasını istədiklərini bildiriblər.
Hərbi Prokurorluqdan Gün.Az-a verilən məlumata əsasən, əsgər ölümü ilə bağlı araşdırmalar aparılır.
“Azərbaycanda “N” saylı hərbi hissədə əsgərin döyülərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir. Bu barədə ictimaiyyətə rəsmi məlumat veriləcək”- deyə, məlumatda qeyd olunub.
Bundan başqa Facebook sosial şəbəkəsində şənbə günü Fəvvarələr meydanında aksiya keçirmək üçün müraciət edilib.
Müraciət müəllifləri aksiyanın siyasi olmadığını vurğulayıb və bununla əsgər ölümlərinə son qoyulmasını tələb etdiklərini qeyd ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələyə münasibət bildirərək qeyd edib ki, aksiyaların keçirilməsi qanunla tənzimlənir.
“Qanunsuz təşkil olunan istənilən aksiyanın qarşısı polis tərəfindən alınacaq. Fəvvarələr Meydanı əhalinin gur olduğu və istirahət etdiyi məkanlardan biridir. Belə bir yerdə aksiyanın keçirilməsi yolverilməzdir. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan, qanunsuz təşkil olunan istənilən aksiyanın qarşısı polis tərəfindən alınacaq”.
Xatırladaq ki, Abşeron rayonundan hərbi xidmətə aparılan Ceyhun Zaman oğlu Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki N saylı hərbi hissəsində dünyasını dəyişib. Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub. Əsgərin anası Samirə xanım isə deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb.