Amerika Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsi haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına başlayıb. İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitədən verilən xəbərə görə, şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir. 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşun kontingenti Bakını işğal edib, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutulub. Bu təcavüz nəticəsində aralarında 6 qadın və 9 uşaq olmaqla 170 nəfər həlak olub, 370 nəfər yaralanıb, 321 nəfər isə itkin düşüb.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuata və ölkə qanunvericilərinə ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olub. Azərbaycanın dinc əhalisinə qarşı bu təcavüz sovetlər ölkəsinin öz vətəndaşlarına qarşı törətdiyi növbəti qırğın olub. Bundan əvvəl 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, daha sonra Litvada qeyri-insani aksiyalar həyata keçirilib.
Məlumatda deyilir: "20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli səhifə kimi qalmaqla bərabər, həm də növbəti-1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan verdi. Qara Yanvar günlərindən 23 il keçməsinə baxmayaraq, hər il yüzminlərlə azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edir."
ABŞ Azərbaycan icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırıb. Kampaniya yanvarın 22-dək davam edəcək.
Xatırladaq ki, son iki ildə ABŞ Azərbaycanlılar Şəbəkəsi Texas və Nyu-York ştatlarının parlamentlərində Qara Yanvara dair iki rəsmi qətnamənin qəbuluna nail olub.