"Rumıniyanın yeni hökuməti Azərbaycanla strateji xarakter daşıyan qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün addımlar atacaq".
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çebanu yeni hökumətdə erməni Varujan Voskanyanın iqtisadiyyat naziri təyin olunması ilə bağlı APA-nın sualını belə cavablandırıb.
İslam.az-ın verdiyi xəbərə görə, o deyib: “İki ölkə arasında münasibətlər 2009-cu ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamədə göstərilmiş prinsip və öhdəliklər, həmçinin 2011-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin realşaşmasına dair Fəaliyyət Planı əsasında davam edəcək”.
Səfir qeyd edib ki, Rumıniya və Azərbaycanın iqtisadiyyat, energetika və nəqliyyat sahəsində əməkdaşlığı yenə də mühüm əhəmiyyət kəsb etməkdədir: “Bu yanaşma Rumıniya hökumətinin 2013-2016-cı illərə dair proqramında aydın şəkildə əks olunub. Orada bildirilir ki, Azərbaycanla strateji tərəfdaşlıq ilk növbədə inkişaf etdiriləcək”.
Xatırladaq ki, Rumıniyanın baş naziri Viktor Pontanın rəhbərlik etdiyi hökumətdə erməni əsilli Varujan Voskanyan da yer alıb. O, qondarma “erməni soyqırımı”ndan bəhs edən “Pışıltılar kitabı” adlı əsərin müəllifidir.