Qəzzada hakimiyyətdə olan HƏMAS (“İslami Müqavimət Hərəkatı”) FƏTH (“Fələstin Milli Azadlıq Hərəkatı”) təşkilatına yaradılmasının ildönümü münasibətilə nümayiş keçirməyə icazə verib. Bununla bağlı bu iki fələstinli təşkilat arasında müvafiq saziş imzalanıb.
İslam.az-ın "Yeni Şərq"ə istinadən verdiyi xəbərə görə, yubiley nümayişi 1 yanvar 2013-cü il tarixində keçiriləcək. Xəbərdə bildirilir ki, bundan əvvəl HƏMAS sözügedən aksiyanın Qəzzanın mərkəzində keçirilməsinə razılıq vermirdi. Yalnız şəhərətrafı məntəqələrdə bunun mümkün olduğunu bildirirdi.
Xatırladaq ki, Yasir Ərəfat rəhbərliyilə 1 yanvar 1965-ci ildə yaradılmış və hazırda Fələstin Administrasiyasına rəhbərlik edən FƏTH təşkilatının yaradılmasının ildönümü eyni gündə İordan çayının Qərb sahili ərazisində də kütləvi aksiyalarla qeyd ediləcək.