İranda yaşayan azərbaycanlıların haqlarının bərpası uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi mayın 2-də həbs olunub.
İrandakı mənbələrdən verilən məlumata görə, azərbaycanlı ruhani mayın 2-də Qum İnqilab Məhkəməsinə çağırılıb. Məhkəmə onun iclas zalındaca həbs olunması ilə bağlı qərar verib. Höccət-ül-İslam milli, irqi, sosial düşmənçiliyin salınması maddəsi ilə təqsirləndirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Əbdüləziz Əzim Qədimi Qum həbsxanasında saxlanılır. Hələlik onunla görüşməyə imkan verilmir. Qeyd edək ki, Əbdüləziz Əzim Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İran məhkəmələri tərəfindən dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunub. Bu səbəbdən iki il öncə Əbdüləziz Əzim Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geymək hüququndan məhrum edilib.