Ermənistan Dövlət Əmlakı İdarəsi hökumətin yaxın zamanlarda keçiriləcək iclasında XİN binasının hərraca çıxarılması barədə həll layihəsini təqdim edəcək.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə "Aykakan Jamanak" qəzeti məlumat verib. Bildirilib ki, hərracda binanın ilkin qiyməti əvvəlki kimi 52 milyon dollar olaraq qalır. Hərracın vaxtı məlum deyil.
Məqalənin müəllifləri xatırladıblar ki, yuxarıda adı çəkilən bina hökumət tərəfindən artıq satılmışdı. Cari il oktyabrın 4-də hökumət birbaşa satış yolu ilə binanı E.Ernekyana məxsus "Tango" şirkətinə satmaq qərarına gəlib.
Məqalənin müəllifləri onu da yazıblar ki, hökumətin yuxarıda qeyd olunan qərarının qeyri-qanuni olması barədə heç bir məlumat yoxdur və qəfil hökumət binanın hərrac vasitəsi ilə satılması barədə qərar qəbul etməlidir.