Ayətullah Xameneinin Əsərlərinin Qorunması və Nəşri idarəsi İmam Xomeyni tərəfindən “Şeytan Ayələri” kitabının müəllifi Salman Rüşdinin “mürtəd” elan edilməsi və barəsində ölüm hökmü verilməsinin ildönümü ilə bağlı yaydığı açıqlamada İranın ali dini liderinin sözügedən fətva ilə bağlı mövqeyinin dəyişilməz olduğu vurğulanıb.
İslam.az-ın "Yeni Şərq"ə istinadla verdiyi xəbərə görə, ayətullah Xamenei İslam dini və Həzrət Məhəmmədə hörmətsizlik etmiş Salman Rüşdinin bəraət alması haqda yayılan bəzi xəbərlərə münasibət bildirərək İmam Xomeyninin “Şeytan Ayələri” kitabı ilə bağlı hökmünün dəyişilməz olduğunu bildirib və deyib: Müsəlmanların müqaviməti sayəsində bundan sonra heç kəs İslam peyğəmbəri və İslam müqəddəslərinə hörmətsizliyə cürət etməyəcək.
Xatırladaq ki, Hindistan mənşəli Britaniya vətəndaşı olan Əhməd Salman Rüşdi 1988-ci ildə "Şeytan ayələri" adlı kitabında İslam dinini təhqiramiz şəkildə aşağılayıb. İslam dünyasında qəzəblə qarşılanan kitabın nəşri bir neçə ölkədə qadağan edilib.
1989-cu ildə İmam Xomeyni Salman Rüşdinin ölümünə dair fətva verib.
16 iyun 2007-ci ildə Böyük Britaniya kraliçası İkinci Yelizaveta Salman Rüşdini “cəngavər tituluna” layiq görüb. 26 iyun 2008-ci ildə Londonda Bukingem sarayında II Yelizaveta şəxsən cəngavər titulunu Salman Rüşdiyə təqdim edib.