Azərbaycana qarşı əsassız radikal çıxışları ilə tanınan Ərdəbilin imam-cüməsi Höccətülislam Seyid Həsən Amuli bu dəfə gözlənilmədən İran hakimiyyətinə meydan oxuyub.
İslam.az-ın baybak.com-a istinadən verdiyi xəbərə görə, Xiyav (Meşkinşər) Azad Universitetinin təşəbbüsü ilə keçirilən seminarda çıxış edən imam-cümə, İranda panfarsizmin təhlükəsindən danışıb. O qeyd edib ki, bununla mübarizə aparmaq üçün Ərdəbildə panfarsistlərin kimliyinə aydınlıq gətirib və səyləri nəticəsində bunun qarşısını alıb.
Seyid Həsən Amuli bildirib ki, dövlətin vəzifəsi ana dillərini qorumaqdır: “Bu baxımdan islam hakimiyyətinin məsuliyyəti daha böyükdür. İslam hökuməti demokratik hökumətdir, əgər xalq səs verərsə, istənilən dil rəsmi status qazana bilər. İranda əhalinin çoxunun dili türkcədir, ancaq azlıqda olan farsların dili yeganə dil olaraq Konstitusiyada əksini tapıb. Bu isə fars olmayan xalqların etirazına səbəb olub”.
Höccətülislam daha sonra bildirib ki, özü şəxsən əsl türk sözlərini toplayıb və hətta “Azərbaycan Türkcəsi” dil ocağının təsis edilməsi barədə dövlət rəsmilərinə müraciət edib.
Qeyd edək ki, Seyid Həsən Amulinin mövqeyinin “dəyişməsinin” iki izahı mümkündür. Birincisi, sözügedən bəyanat İran hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmış ola bilər. İkincisi isə, İranda milliyətçi hərəkat artıq o dərəcədə vüsət alıb ki, artıq imam-cümələr də bu proseslərdən yan keçə bilmirlər.