“Carnegie Endowment for İnternational Peace” Beynəlxalq təşkilatının araşdırmaçı-eksperti Bayram Balcı “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak üçün Bakıya gəlib.
İslam.az-ın "Yeni Şərq"ə istinadla verdiyi xəbərə görə, Bakıda qonaq olan tədqiqatçı “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin əməkdaş və üzvləri ilə də görüşərək qarşılıqlı maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparıb.
Görüşdə ilk öncə araşdırmaçı vətəndaşı olduğu Fransada müsəlmanların keçmiş və indiki durumu, ictimai-sosial vəziyyət və Avropa müsəlmanlarının cəmiyyətlə qarşılıqlı münasibəti haqqında məlumat verdi. Daha sonra dünyanın müxtəlif regionlarında, xüsusən də Orta Şərqdə, Qafqazda baş verən müxtəlif hadisələrə toxundu, mülahizələrini iştirakçılarla paylaşdı.
Azərbaycanda hal-hazırkı din-dövlət münasibətlərini ümumilikdə normal qiymətləndirdiyini bildirən ekspert ölkə vətəndaşlarının öz milli-mənəvi dəyərlərinə daha çox yiyələnməsini iştirakçılara tövsiyyə etdi.
Sonra “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin koordinatorları qonağa Birliyin fəaliyyəti, gənclərlə həyata keçirdikləri layihələr və “Mənəvi Saflıq” jurnalı haqda məlumat verdilər. Jurnalın son saylarından bir neçə ekzemplyar fransalı tədqiqatçıya hədiyyə edildi.
Tədbirin sonunda qonaq tədbir iştirakçılarının suallarını cavablandırdı.