Bisavadcasına hazırlanmış reklamda Hz.Məhəmmədin (s.ə.s) adı rus dilində əvvəlcə "Maqomed", sonra "Maqomet" yazılmaqla yanaşı, Cəbrayılın adı "Qavrill" kimi göstərilib
Avropalılar deyəsən, heç bir vəchlə Hz.Məhəmməd Peyğəmbərdən (s.ə.s) əl çəkmək istəmirlər. Danimarkada Allahın Rəsulunun təhqir olunduğu karikaturaların dərc olunması ilə bağlı müsəlmanların etiraz aksiyaları səngiməmiş Rusiyada Hz.Məhəmmədin (s.ə.s) adından reklam məqsədilə istifadə olunb.
İnternetdə aparılan reklam kampaniyasında istifadə edilən videoçarxda ərəb əlifbasına oxşayan naxışla bəzənmiş qəhvə rəngli fonda bir-birini əvəzləyərək rus dilində bu ifadələr peyda olur: "Qəhvə barədə əfsanələrdən birində deyilir ki, Məhəmməd Peyğəmbər ölüm ayağında olanda mələk Qavriil ona içində tünd rəngli maye olan qab gətirdi. İçkinin qüdrəti nəticəsində Peyğəmbər Məhəmməd 40 süvarini atdan saldı və bütün zamanların ən qüdrətli səltənətini qurmağa davam etdi. Böyük insanlar əsl qəhvəyə üstünlük verirlər".
Bu videoçarxda kiçik məşiət texnikası istehsal edən Almaniya şirkətlərinin birinin qəhvəbişirən maşını reklam olunur.
Di gəl, bisavadcasına hazırlanmış reklamda Hz.Məhəmmədin (s.ə.s) adı rus dilində əvvəlcə "Maqomed", sonra "Maqomet" yazılmaqla yanaşı, Cəbrayılın adı "Qavrill" kimi göstərilib.
Ən başlıcası isə budur ki, Hz.Məhəmməd (s.ə.s) barədə səhih hədislərin heç birində bu "qəhvə əhvalatı"ndan bəhs olunmur.