“Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana gəlmiş Türkiyənin tanınmış ilahiyyatçısı, profesor Nihat Hatipoğlu ilə Azərbaycan Dövlət Dram Teatrında (ADDT) görüş keçirilib. Görüş Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
İslam.az-ın verdiyi xəbərə görə, böyük maraq doğuran və tam anşlaq şəraitində keçən tədbiri giriş sözü ilə Mərkəzin rəhbəri Elçin Əsgərov açıb. Qonağı İslam dünyasının tanınmış siması, məzhəblərarası yaxınlaşmaya önəmli töhfə verən, İslamı müasir düşüncə prizmasından qəbul etməyə və xurafatdan uzaq olmağa çağıran alim kimi təqdim edən E.Əsgərov, N.Hatipoğluna dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.
Daha sonra söz qonağa verilib. Həzin musiqi altında peyğəmbər və onun əxlaqından, İslamın ilk günlərindən, ilk simalarından danışan N.Hatipoğlu böyük maraqla dinlənilib. Sonda qonaq tamaşaçıların çoxsaylı suallarını cavablandırıb, cavablandırmağa vaxtı çatmayan sualları isə özü ilə Türkiyəyə aparıb, 2 gün sonra Türkiyə TV-ləri ilə birbaşa yayında baş tutacaq verilişində cavablandıracağını da tamaşaçılara söz verib.



