Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Məhəmməd Bağır Xorrəmşadın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İdarənin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, nümayəndə heyətini səmimi salamlayan Şeyxülislam belə səfərlərin iki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb: “İran ilə bizi sıx dostluq telləri, tarix, mədəniyyət, din və dil birliyi bağlayır. Bu münasibətlər əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib. Şübhəsiz ki, bu münasibətlərdən narahat olan, dostluğumuzu pozmaq istəyən qüvvələr da var. Hər iki dövlətin rəhbərləri, din xadimləri, alimləri öz müdrik addımları ilə belə qüvvələrin qarşısını vaxtında alır. İran prezidenti Mahmud Əhmədinejadla görüşlərimdə təkcə özümə qarşı yox, Azərbaycan dövlətinə, xalqına xoş münasibətinin şahidi olmuşam. İran prezidenti münasibətlərimizin davamlı olması üçün dəyərli fikirlər səsləndirib. Çox şadam ki, hər iki dövlətin rəhbərləri, nüfuzlu din xadimləri arasında qarşılıqlı etimad, hörmət var. Allah iki qardaş və dost ölkələr arasında yaranan bu münasibətləri daimi etsin”. QMİ sədri İranın Ali Dini rəhbəri Seyid Əli Xamenei və ölkə prezidenti Mahmud Əhmədinejada səmimi salamlarını çatdırmağı Məhəmməd Bağır Xorrəmşaddan xahiş edib.
Allahşükür Paşazadə müstəqillik qazandıqdan sonra ölkəmizin bütün sahələrdə böyük irəliləyişə nail olduğunu qonaqların diqqətinə çatdırıb, uğurların din-dövlət münasibətlərindən də yan keçmədiyini bildirib: “Sovet rejimindən fərqli olaraq, bu gün dövlətin din xadimlərinə heç bir qadağası yoxdur, məscidlər fəaliyyət göstərir, yeniləri tikilir, tarixi dəyəri olan ibadət ocaqları dövlətin dəstəyi ilə təmir olunur. Bütün bunlar din-dövlət münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini bir daha sübut edir”.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Məhəmməd Bağır Xorrəmşad Şeyxülislam həzrətləri ilə görüşmək imkanı qazandığı üçün şad olduğunu dilə gətirib: “Başçılıq etdiyim nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransının Gənclər Forumu ilə birlikdə təşkil etdiyi forumda iştirak etmək üçün Azərbaycana gəlib. Burada olduğumuz zaman Sizinlə görüşmək arzusunda idik. Allaha şükür ki, bu istəyimiz həyata keçdi. Siz Şeyxülislam kimi təkcə Azərbaycanda, Qafqazda deyil, İranda da böyük nüfuza maliksiniz. İslam dininin inkişafı yolunda göstərdiyiniz xidmətləri yüksək dəyərləndiririk. Qardaş və dost xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi üçün Sizin kimi nüfuzlu, nəcib şəxslərin atdığı addımlar inşallah öz müsbət bəhrəsini verəcək. Sizi İran İslam Respublikasında görməkdən məmnun olardıq. Biz Azərbaycana gələndə özümüzü qardaşlarımızın arasında hiss edirik. İnanırıq ki, Siz də İrana gələndə eyni hissləri keçirirsiniz”.
Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin iştirak edib. Sonda qonaqlara hədiyyələr təqdim olunub.