ABŞ-ın Konnektikut ştatında 20-si azyaşlı olmaqla 27 nəfərin öldürülməsi ilə nəticələnən qətliam qurbanları üçün keçirilən və prezident Obamanın da iştirak etdiyi tədbirdə Quran oxunub.
Tədbirdə xristian və yəhudi din xadimləri ilə yanaşı şəhərdəki “Al Hedaya” (əl Hidayət) İslam mərkəzindən iki nümayəndə də kürsüyə çıxıb.
CNN telekanalından birbaşa yayımlanan tədbirdə hindistan əslli Muaz Bavanqarvala adlı müsəlman Qurani-Kərimin "Bəqərə" surəsindən 155-157-ci ayələri oxuyub: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!”.
Daha sonra Ceson Qraves qətliamda ölənlər üçün dua edib. “İtirdiklərimiz üçün Cənnətdə xüsusi yer ayırmasını Allahdan təmənna edirəm. Bu faciəyə dözmələri üçün ailələrinə də səbr ehsan etməsini Allahdan arzu edirəm. Hamısı üçün dua edirik” deyən Qraves Qurani-Kərimin "İnşiqaq" surəsindən “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” ayəsini oxuyub.