İranın kosmik agentliyinin rəhbəri (ISA) Həmid Fazeli gələcək planlardan danışıb.
İslam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, o, bildirib ki, yaxın gələcəkdə "Pishgam" (Pioner) daşıyıcı peyk-raketinin göyərtəsində kosmosa canlı göndərmək niyyətindədirlər: "Raket-daşıyıcının içərisində bio-kapsul olacaq. Orada isə canlı".
Məlumata görə, "Pishgam" - əvvəl "Kavoshgar 5" (Tədqiqatçı 5) kimi tanınan daşıyıcının göyərtəsində meymun olacaq.
Qeyd edək ki, İran canlı olan ilk bio kapsulu "Kavoshgar 3"ü kosmosa 2010-cu ildə göndərib. 2011 -ci ildə isə ikinci peyk - "Rassad" (Müşahidəçi) yerin orbitinə uğurla çıxarılıb. Onun missiyası Yerin fotolarını əldə edərək, telemetrik informasiya ilə onları yerüstü stansiyaya çatdırmaq olub.