Bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, tədbir Qurani-Kərimin oxunması ilə bağlayıb.
Tədbirdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Milli Məclisin deputatları, YAP-ın icraçı katibi Əli Əhmədov, onun müavinləri Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, parlamentin komitə sədri Rəbiyyət Aslanova iştirak ediblər.
Hacı Allahşükür Paşazadə deyib ki, Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, ulu öndərin müdrik siyasəti nəticəsində mümkün olub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri din-dövlət münasibətlərinin formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin şəxsi diqqət və qayğısı ilə yeni məscidlər, məbədgahlar tikilir, dini abidələr təmir-bərpa olunaraq xalqımızın istifadəsinə verilir.