İordan çayının Qərb sahili və Qəzzə fələstinlilərə aiddir, əbədi olaraq da fələstinlilərin olacaq.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fələtsinin Ankara səfirliyində keçirilən ziyafətdəki çıxışında bildirib.
Fələstinin BMT-də üzv olmayan müşahidəçi dövlət olaraq qəbul edilməsinin vacib addım olduğunu vurğulayan R.T.Ərdoğan BMT-də İsrailin nüvə silahı istehsal edilən təsislərində araşdırmanın aparılmasına dair səsəvermədə 176 ölkənin "bəli” deyə səs verdiyini xatırladıb: “Çox əhəmiyyətli, tarixi bir qərardır. Bu nə deməkdir bilirsinizmi? Ey İsrail özünə gəl”.
İsrail rəhbərliyinin, İordan çayının Qərb sahili və Şərqi Qüdsdə 3 min əlavə mənzilin inşa edilməsinə dair qərarı təsdiqləməklə ikidövlətli həlli təhlükəyə atdığını vurğulayan baş nazir deyib: "Amerikalı dostlarımıza da səslənirəm. Yaxın Şərqdə ikidövlətli bir həlli istəyən siz deyildinizmi? İndi nə oldu Fələstinin dövlət olmasına qarşı çıxdınız? Bunu anlamaq mümkün deyil. Hansı məskunlaşma layihələri tətbiq edilsə də, fələstinlilərə nə qədər təzyiq göstərilsə də İordan çayının Qərb Sahili və Qəzzə fələstinlilərə aiddir, əbədi olaraq da fələstinlilərin olacaq. Onları bu haqqdan məhrum edənlər tarixə də, insanlığa da bunun hesabını verəcəklər”.