Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilib.
Bu hadisəni şərh etmək üçün müxbirimiz hərbi ekspert Üzeyir Cəfərova müraciət edib.
Həmsöhbətimiz qeyd edib ki, Rusiya tərəfinin qərarı onun üçün olduqca gözlənilməz olub: “Mətbuatda Rusiyanın Qəbələ RLS-ni tərk etməyəcəyi barədə bəyanatlarla çıxış edənlərdən biri də mən olmuşam. Dünənə qədər də hər şey öz axarı ilə gedirdi. Mənim mövqeyimi Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun çıxışları da təsdiqləyirdi. Bildiyiniz kimi, hazırda müdafiə nazirimiz Səfər Əbiyev də Moskvadadır və MDB müdafiə nazirlərinin görüşündə iştirak edir. Eyni zamanda iki ölkə prezidentləri İlham Əliyev və Vladimir Putin arasında baş tutan telefon söhbəti zamanı Azərbaycanın danışıqlar prosesinin davam etdirilməsinə dair mövqeyi ortaya qoyulmuşdu. Düzünü desəm, bu qərarı heç gözləmirdim. Düşünürdüm ki, rəsmi Moskva Cənubi Qafqazda mövqeyini möhkəmlətmək üçün səylərini davam etdirəcək və Qəbələ RLS-ni tərk etməmək üçün çalışacaq. Amma görünür olduqca ciddi bir hadisə baş verib ki, Rusiya tərəfi belə bir addım atıb”.
Üzeyir Cəfərov eyni zamanda bildirdi ki, sözügedən qərardan Azərbaycan heç nə itirməyəcək: “Azərbaycanın qarşısında yeni perspektivlər açılır. İndi Qəbələdə turizm sahəsinin geniş inkişafına imkan yaranır. Rusiyadan Qəbələ RLS-in icarəsi üçün tələb etdiyimiz məbləği də bu üsulla qısa zaman kəsiyində qazanmaq mümkün olacaq”.