Gürcüstanda məscidlər qeydiyyata alınmır, onlara status verilmir. Məscidləri təmir etməyə, tikməyə icazə verilmir. Bunun üçün deyirlər ki, gürcü patriarxından icazə almalısınız. Biz bu status uğrunda mübarizə aparacağıq.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev Bakıda keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, erməni, digər xristian kilsələri üçün problem yoxdur. Lakin Gürcüstanda 700 min müsəlman yaşayır, amma məscidlər qeydiyyata alınmır. Yalnız müsəlmanlara çatanda onlar icma şəklində qeydə alınır.lar
Onun sözlərinə görə, Gürcüstanda Mixail Saakaşvilinin iqtidarı dövründə müsəlmanlar arasında parçalanma işləri aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı filialı ləğv edilib, yerinə oyuncaq qurum yaradılıb. Həmin quruma isə dindən xəbəri olmayan kriminal insanlar gətirilib.