Suriyanın paytaxtı Dəməşqdə təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında davam edən döyüşlər intensiv xarakter alıb.
İslam.az-ın ANS-ə istinadən verdiyi xəbərə görə, Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün şəhərin cənub rayonlarında irimiyaslı döyüş əməliyyatları keçirilib. Fəallar döyüşlərin, əsasən, Cərəmənə şəhərində getdiyi xəbər veriblər. Döyüşlər zamanı azı 20 nəfərin öldürüldüyü bildirlir.
Məlumata görə, öldürülənlər arasında dinc sakinlər də var. Suriya hərbi təyyarələrinin üsyançıların gizləndiyi bölgələrə raket zərbələri endirməsi nəticəsində onlarla yaşayış məntəqəsi dağıdılıb. Azad Suriya Ordusunun rəhbərliyi döyüşlərlə bağlı məruzə edib. Məruzədə bildirilir ki, son iki həftə üsyançılar üçün daha uğurlu olub. Belə ki, bu müddət ərzində döyüşlər zamanı, iki hava limanı və bir su-elektrik stansiyası üsyançılar tərəfindən ələ keçirilib. Həmçinin, sonuncu döyüşlər nəticəsində üsyançıların Bəşər Əsədin iqamətgahına yaxınlaşdığı xəbərləri yayılıb.
Döyüşlər, eyni zamanda, Hələb və Deyr əz-Zor şəhərində də təsirli olub. Suriya hərbi təyyarələri hər iki şəhərə raket zərbələri endirib. Homs şəhərində keçirilən hava əməliyyalar zamanı isə, orta məktəb binasına raket düşüb. Məktəbin aqibəti ilə bağlı heç bir məlumat verilmir.