Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə dekabrın 19-21-də “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirəcək.
Komitənin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.
Ölkədə ilk dəfə keçiriləcək forumda konfransda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqazşünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.